İranın Şiraz şəhərində terror aktı törədənlər İŞİD-in Əfqanıstandakı düşərgəsində təlim keçib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Agentliyin sözlərinə görə, terror aktında iştirak edənlərin arasında özünü Tacikistan vətəndaşı kimi təqdim edən Raxmatulla Nuruzov internet yazışmaları vasitəsilə İŞİD terrorçuları tərəfindən təşkilata cəlb olunub, sonra Türkiyəyə gedərək, orada rəsmən qadağan olunmuş terror qruplaşmasının sıralarına qoşulub.
Qruplaşmaya daxil olduqdan sonra Nuruzov Əfqanıstana göndərilib və orada üç ay İŞİD ekstremistləri üçün yaradılmış xüsusi düşərgədə təlim keçib.
Həmçinin əlavə olunub ki, hazırda İranın xüsusi xidmət orqanları terrorçuların ölkəyə necə daxil olduğunu müəyyənləşdirməyə çalışır.
Xatırladaq ki, 13 avqust tarixində İranın Fars əyalətinin Şiraz şəhərindəki Şahçıraq ziyarətgahına silahlı hücum olub. Ziyarətgaha daxil olmaq istəyən şəxslərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub. Nəticədə 4 təhlükəsizlik əməkdaşı öldürülüb, 8 nəfər yaralanıb.