Yunanıstanın paytaxtı Afinada Avropa İttifaqı (Aİ) rəsmiləri ilə Qərbi Balkan ölkələrinin rəhbərlərinin görüşü olub.
NUHÇIXAN xəbər verir ki, görüşdə Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Serbiya Prezidenti Aleksandar Vuçiç, Monteneqro Prezidenti Yakov Milatoviç, Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski və başqaları iştirak ediblər.
Aİ rəsmiləri Qərbi Balkan ölkələrinin ittifaqa üzvlük perspektivini dəstəklədiklərini bir daha bəyan ediblər. Ursula Fon der Lyayen namizəd ölkələrin Aİ-yə daha tez yaxınlaşmasının vacibliyini vurğulayıb. Avrokomissiyanın sədri ikitərəfli görüşlər də keçirib. Serbiya Prezidenti Aleksandar Vuçiç və Kosovonun Baş naziri Albin Kurti ilə ayrı-ayrılıqda görüşdüyünü qeyd edən Ursula Fon der Lyayen Kosovonun şimalında gərginliyin azaldılması, Aİ-nin dialoq səyləri və münasibətlərin normallaşmasına dair razılaşmaların həyata keçirilməsi məsələlərini müzakirə etdiklərini bildirib.
Həmçinin Aleksandar Vuçiç və Albin Kurti arasında təkbətək görüş də olub.