Pandemiya, Ukraynadakı münaqişənin təsiri, artan inflyasiya və yaşayış xərcləri Asiya-Sakit Okean regionunun inkişaf etməkdə olan ölkələrində yoxsulların sayını iki dəfədən çox artırıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının hesabatında qeyd edilib.
Ötən il Asiya-Sakit Okean regionunun inkişaf etməkdə olan ölkələrində yoxsulluq içində yaşayanların sayı 155,2 milyon nəfərə çatıb ki, bu da region əhalisinin 3,9 faizinə bərabərdir. Ekspertlərin hesablamalarına görə, yoxsulların sayı 67,8 milyon artıb. Araşdırmada Avstraliya, Yeni Zelandiya və Yaponiya kimi ölkələrin statistikası nəzərə alınmayıb.
Bankın baş iqtisadçısı Albert Park qeyd edib ki, Asiya-Sakit Okean regionunda COVID pandemiyası tədricən azalır, lakin artan yaşayış xərcləri yoxsulluğun aradan qaldırılmasında irəliləyişə xələl gətirir.
2017-ci ilin məlumatlarına görə, yoxsulluq bir insanın gündə 2,15 dollardan az yaşaması ilə xarakterizə olunur. Asiya Bankı bildirib ki, əksər Asiya-Sakit Okean ölkələrində inflyasiya keçən il təchizat zəncirlərindəki fasilələr fonunda çoxillik ən yüksək səviyyəyə yüksəlib.