“Sony” şirkəti aylıq ödəniş müqabilində böyük bir oyun siyahısına çıxış imkanı təqdim edən “PlayStation Plus”un illik abunə qiymətlərinin artdığını elan edib.
NUHÇIXAN xəbər verir ki, qiymət artımı bütün regionlardan olan oyunçulara aid olacaq – bəzi yerlərdə qiymətlər olduqca nəzərəçarpacaq şəkildə artıb, qeymerlər də buna olduqca mənfi reaksiya verib.
Yeni tarif qiymətləri:
“PS Plus Essential”a illik abunə haqqı - 59.99-79.99 dollar (135.98 manat).
“PS Plus Extra”ya illik abunə haqqı - 99.99-134.99 dollar (229.48 manat).
“PS Plus Premium”a illik abunə haqqı - 119.99-159.99 dollar (271.98 manat).
Dəyişikliklər 2023-cü il sentyabrın 6-dan qüvvəyə minəcək, lakin qiymət artımı cari abunəçilərə növbəti yeniləmə tarixinə qədər təsir etməyəcək.
“Sony” şirkətində deyirlər ki, "tənzimləmə istifadəçiləri yüksəkkeyfiyyətli oyunlarla sevindirməkdə davam etməyə imkan verəcək”. Eyni zamanda, oyunlardan yazan jurnalistlər qeyd edirlər ki, yaxın vaxtlarda “Sony” şirkəti “State of Play” keçirəcək, və guya bu şou “PS Plus” qiymətlərinin bu cür kəskin artımı ilə bağlıdır.
Bundan başqa, məlum oldu ki, gələn ay rəqəmsal xidmətin kitabxanasına Saints Row, Black Desert: Traveler Edition və Generation Zero oyunları əlavə ediləcək. Bütün oyunlar sentyabrın 5-dən oktyabrın 3-nə qədər əldə edilə bilər.