KİV: “ABŞ-də Ukraynaya qarşı üstüörtülü tənqidlər əbəs yerə deyil"

A- A A+

“ABŞ-də Ukraynaya qarşı üstüörtülü tənqidlər əbəs yerə deyil. Bu, ABŞ-də gələn il keçiriləcək prezident seçkiləri ərəfəsində ictimai rəyi formalaşdırmaq üçündür".

NUHÇIXAN xəbər verir ki, bu barədə “The Japan Times” nəşrində dərc olunan “Müttəfiqlər Ukraynanın müharibə strategiyasını şübhə altına alır və Kiyevi qıcıqlandırır” sərlövhəli məqalədə yazılıb.

Bildirilib ki, son iki həftədir ABŞ mediası anonim hərbi mənbələrə istinadən Ukraynanın strategiyasını şübhə altına alır:

“ABŞ mediasının yazdığına görə, Ukraynanın silahlı qüvvələri Rusiyanın müdafiə xətlərini yarmaq üçün lazımi səviyyədə deyil”.

Məqalədə ABŞ-nin Birləşmiş Qərargah rəisi general Mark Milleydən sitat gətirilir. Belə ki, general Ukraynanın əks-hücum əməliyyatlarının ləng getdiyini bildirib.

Habelə, qeyd edilir ki, Polşa ordusunun istefada olan generalı Boquslav Pacekin fikrincə, Ukraynanın davam edən əks hücumu yağış mövsümü başlayana qədər konkret məqsədlərə çatmağa imkan vermir.

Məqalədə Ukrayna Müdafiə Nazirliyinin “X” hesabındakı paylaşımdan sitat gətirilib: “Bizə məsləhət yox, silah lazımdır”.

Həmçinin, Ukrayna xarici işlər naziri Dmitri Kulebanın son çıxışlarından biri yada salınıb:

“Əks hücumun yavaş olduğunu iddia etmək canlarını verən Ukrayna əsgərlərinin üzünə tüpürmək deməkdir. Mən təklif edirəm ki, tənqid edənlərin hamısı sussun, Ukraynaya gəlsin və özləri bir kvadratsantimetr ərazini azad etməyə çalışsınlar”.

Məqalədə yazılıb ki, hələlik Ukraynanın müttəfiqləri arasında heç bir yüksək rütbəli hökumət rəsmisi və ya hərbi məmur Qərbin dəstəyinin zəiflədiyini söyləməyib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Son zamanlar Qərb rəsmiləri Ukraynanın əks- hücum əməliyyatının ləng davam etdiyini iddia edirlər. Bəzi ekspertlərin fikrincə, əməliyyatların gedişatı ilə bağlı rəsmi Kiyevlə Vaşinqton arasında fikir ayrılığı yaranıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: