Yunanıstanın miqrasiya və sığınacaq naziri Dimitris Keridis ölkəyə qeyri-qanuni miqrant axınının artması fonunda Berlinin vasitəçiliyi ilə Türkiyə ilə qaçqınlarla bağlı yeni sazişin bağlanmasını zəruri hesab edir.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, o, bu barədə “Bild” qəzetinə müsahibəsində bildirib.
Yunan nazirin sözlərinə görə, Türkiyə Avropa İttifaqında (Aİ) ilk növbədə Almaniyanı dinləyir və buna görə də Yunanıstan tərəfi rəsmi Ankara ilə Türkiyənin Qərb və Avropa ilə əlaqələrini bərpa etməyə yönələcək saziş bağlamağı planlaşdırır.
D.Keridis Şərqi Aralıq dənizi deyilən miqrasiya marşrutuna nəzarət etdiyi üçün Türkiyənin Aİ-yə qeyri-qanuni miqrant axınının qarşısını almaq baxımından vacib ölkə olduğunu söyləyib. “Mütləq yeni sazişə keçməliyik”, - o deyib.
Xatırladaq ki, 2016-cı ildə Türkiyə ilə Aİ arasında qeyri-qanuni miqrant axınının azaldılması üzrə tədbirləri nəzərdə tutan saziş imzalanıb. Razılaşmaya əsasən, Aİ Türkiyə vasitəsilə Yunanıstan adalarına gələn qaçqınları geri göndərə bilər.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, bu il Türkiyədən Yunanıstana quru və dəniz yolu ilə 19 676 miqrant gəlib. Bu isə ötən ilin bütün dövründəki göstəricidən (18,7 mindən çox qeyri-qanuni miqrant) də çoxdur.