Çindən Aİ-yə idxal olunan elektrik avtomobilləri araşdırılır

A- A A+

Çindən Avropa İttifaqına idxal edilən elektromobillər ilə bağlı subsidiya araşdırmasına başlanıb.

NUHÇIXAN xəbər verir ki, Avropa İttifaqı Komissiyasının sədri Ursula Fon der Lyayen bunu Avropa Parlamenti Baş Assambleyasının Strasburqda keçirilən sessiyasında deyib.

Yerli sənaye və texnologiya şirkətlərinin rəqabəti xoşladığını və bunun ədalətli olmasının vacibliyini vurğulayan siyasətçinin sözlərinə görə, Avropa kompaniyaları xüsusən böyük dövlət subsidiyaları alan və qiymətləri aşağı salmaqla ədalətsiz ticarət mühiti yaradan çinli rəqibləri tərəfindən sıxışdırılır.

Ursula Fon der Lyayen elektrik avtomobillərinin Avropada böyük potensiala malik sahəyə çevrildiyini və bunun yaşıl iqtisadiyyat üçün vacib olduğunu qeyd edib. “Dünya bazarı ucuz Çin elektromobilləri ilə dolub daşır. Çin kompaniyaları dövlətin böyük həcmdə subsidiyaları hesabına qiymətləri süni şəkildə aşağı salır və daxili istehsalımıza zərər vurur”, - deyə Avropa İttifaqı Komissiyasının sədri bildirib.

O, həmçinin əvvəllər ədalətsiz ticarət qaydalarının Avropa günəş enerjisi sahəsinə də mənfi təsir göstərdiyini və yüksək subsidiya alan Çin kompaniyaları səbəbindən bir çox yerli müəssisənin bağlandığını xatırladıb.

Son illər Avropa İttifaqı ölkələrinin elektrik avtomobilləri bazarında Çin elektromobillərinin satış payı sürətlə artır. Yerli avtomobil istehsalçıları uzun müddətdir ki, Çin məhsullarına qarşı araşdırılma aparılmasını və nəticədə dövlətdən subsidiya alan kompaniyaların istehsal etdiyi elektromobillərin idxalına əlavə rüsum tətbiq olunmasını tələb edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: