Qlobal hesabat: 2023-cü ildə 48 ölkədə 238 milyona yaxın insan kəskin qida çatışmazlığı ilə üzləşəcək
Sentyabrın 14-də açıqlanan Qlobal Qida Böhranı Hesabatında bildirilib ki, 2023-cü ildə 48 ölkədə 238 milyona yaxın insan kəskin qida çatışmazlığı ilə üzləşəcək.
NUHÇIXAN xəbər verir ki, avqustun əvvəlinə olan məlumata əsasən, 2023-cü ilin ilk 6 ayının nəticələrinə görə, hazırda 36 ölkədə təxminən 33,64 milyon insan bu sahədə “fövqəladə vəziyyətlə”, dörd ölkədə isə 128 600 insan “humanitar fəlakətlə” üzləşib.
Hesabatda diqqətə çatdırılıb ki, aclıq fəlakətində Cənubi Sudan 63 faiz ilə ən yüksək paya malikdir, ondan sonra Yəmən (52-55 faiz) gəlir. Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Haiti və Sudanda əhalinin 40 faizdən çoxu İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatında 3-cü mərhələdə, yəni kəskin qida çatışmazlığı vəziyyətində yaşayır.
"Bu ilin sonunadək ötən illə müqayisədə 48 ölkədə daha 21,6 milyon insan yüksək səviyyədə kəskin qida çatışmazlığı ilə üzləşəcək ki, bu da 2022-ci ildə olduğundan 10 faiz çoxdur. Həmin ölkələrdə ümumilikdə 238 milyon nəfər aclıq təhlükəsi ilə qarşılaşacaq", -deyə hesabatda qeyd olunub.
Rəqəmlər göstərir ki, kəskin qida böhranının olduğu 21 ölkədə 5 yaşından kiçik 27,2 milyon uşaq aclıqdan əziyyət çəkir, 15 dövlətdə isə təxminən 6,3 milyon hamilə və süd verən qadın kəskin qida çatışmazlığı ilə üz-üzə qalıb. Bu il ərzaq qıtlığı ilə üzləşəcək insanların ümumi sayının sürətlə artacağını qeyd edən hesabat müəllifləri vurğulayır ki, bu sahədə 25 yoxsul ölkə və ya ərazi ilə bağlı heç bir məlumat yoxdur. Hazırda müharibə və silahlı münaqişələrin davam etdiyi Myanma, Suriya və Ukrayna da ərzaq böhranının yaşandığı ölkələr sırasına əlavə olunub.
Hesabatda 2023-cü ildə ərzaq böhranının əsas səbəbləri kimi münaqişələr, iqtisadi şoklar və ekstremal hava hadisələri qeyd edilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) istinadla aparılan araşdırmada bildirilib ki, Ukraynada ərzaq qiymətləri müharibənin başlaması ilə 2022-ci ilin martında pik həddə çatdıqdan sonra azalma tendensiyası üzrə aşağı düşsə də, hələ də son onilliklərin ən yüksək səviyyəsində qalır.
Ukraynadakı müharibənin qlobal ərzaq bazarlarında qeyri-müəyyənlik yaratmağa davam etdiyi vurğulanan hesabatda bildirilib ki, bu ilin iyununda Kaxovka su bəndinin dağıdılması və iyulda Qara dəniz Taxıl Təşəbbüsünün dayandırılması vəziyyəti daha da pisləşdirib.