Dublin sentyabrın 28-29-da Avropa Şurasının 46 üzv dövlətinin və çoxsaylı tərəfdaşlarının, müşahidəçi və qonşu ölkələrin parlament sədrləri, eləcə də bir sıra parlamentlərarası assambleyaların sədrlərinin Avropa Konfransına ev sahibliyi edəcək.
NUHÇIXAN xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) himayəsi altında iki ildən bir keçirilən Parlament sədrlərinin Avropa Konfransında 60-dan çox parlament sədri və ya sədr müavini, eləcə də 400-ə yaxın nümayəndənin iştirakı gözlənilir.
Konfransda Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin nəticələri və Ukraynanın yenidən qurulmasında milli parlamentlərin rolu, qeyri-sabitlik dövründə demokratiyaya çağırışlar və ictimai təmsilçilikdə bərabərlik və müxtəliflik, gənclərin, qadınların, etnik və sosial qrupların parlament üzvləri kimi iştirakı adlı mövzular müzakirə olunacaq.
Parlament sədrlərinin Avropa Konfransının açılışından əvvəl “seçilmiş nümayəndələrə qarşı nifrət nitqi və zorakılıq təhdidləri” mövzusunda konfransqabağı tədbiri təşkil ediləcək.
Qeyd edək ki, parlament sədrlərinin ilk Avropa Konfransı 1975-ci ildə keçirilib. O, iki ildən bir növbə ilə Strasburqda və Avropa Şurasının üzvü olan dövlətlərdən birinin paytaxtında keçirilir.