Rusiyanın Ermənistandakı səfirliyi 57 yaşlı Gümrü sakininin ölümündə rus əsgərinin günahı olduğu barədə erməni KİV-lərində yayılmış xəbərləri təkzib edib.
NUHÇIXAN “Sputnik” agentliyinə istinadla xəbər verir ki, Rusiya səfirliyinin mətbuat xidmətinin məlumatında erməni qadının guya 102-ci rus hərbi bazasında xidmət edən əsgər tərəfindən döyülməsi və bunun nəticəsində ölməsi barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi vurğulanır.
Məlumatda qeyd olunur ki, səfirlikdə olan məlumata görə, həmin hərbi qulluqçu dekabrın 3-də - hadisə baş verdiyi gün yoxa çıxıb. Hərbi baza ilə yerli hakimiyyət arasında razılaşmaya görə, analoji vəziyyətdə hərbi hissənin komandiri bu barədə dərhal yerli hüquq-mühafizə orqanlarına xəbər verməlidir. Məhz bundan sonra hərbçi barəsində axtarış elan olunub və KİV-lər onu cinayətdə ittiham ediblər. Lakin hər iki tərəfin apardığı araşdırma nəticəsində rus hərbçinin qətl hadisəsi ilə əlaqəsi olmadığı müəyyən edilib.