İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Avropa Müsəlmanları üzrə Təmas Qrupunun Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində keçirilən iclasında çıxış edən İƏT-in Baş katibi Hissein Brahim Taha anti-müsəlman ritorikasının və müsəlmanlara qarşı nifrət hisslərinin intensivliyinin artması ilə bağlı dərin narahatlığını ifadə edib.
NUHÇIXAN təşkilatın Baş Katibliyinin mətbuat açıqlamasına istinadla xəbər verir ki, Baş katib İƏT-in bəzi Avropa ölkələrində “Qurani-Kərim”in nüsxələrinin təhqir edilməsi və yandırılması hallarını kəskin şəkildə pislədiyini bildirib. O qeyd edib ki, bununla əlaqədar İƏT Xarici İşlər Nazirləri Şurasının on səkkizinci fövqəladə sessiyası və İƏT İcraiyyə Komitəsinin təcili iclası keçirilib, müvafiq qərarlar qəbul olunub. Hissein Brahim Taha hökumətləri mədəniyyətlər arasında harmoniya, anlaşma, tolerantlıq və qarşılıqlı hörmət dəyərlərini təşviq etmək məqsədilə aparılan konstruktiv dialoqu dəstəkləmək üçün daha çox səy göstərməyə çağırıb.
Bundan əlavə, iclasda İsveç və Danimarkada “Qurani-Kərim”in yandırılması kimi dəhşətli təcavüz aktları ən kəskin şəkildə pislənilib. Baş katib bu kontekstdə həmin cinayətlərlə bağlı Xarici İşlər Nazirləri Şurasının son qətnaməsinin yerinə yetirilməsi öhdəliyini bir daha xatırladıb.
İclasda bir sıra ölkələrə bütün müsəlmanların dini azadlıqlarına hörmətlə yanaşılması, onların hüquq və əsas azadlıqlarının məhdudlaşdırılmaması, o cümlədən mədəni kimliklərini həyata keçirmək hüququndan məhrum edilməməsi çağırışı edilib. Hissein Brahim Taha bəzi Avropa ölkələrində anti-müsəlman əhvali-ruhiyyəsi, islamofobiya, nifrət nitqi, sağçı ekstremizmin narahatedici tendensiyası və müsəlmanları hədəf alan zorakılıq hadisələri ilə bağlı dərin narahatlığını ifadə edib.