“MDB-nin iştirakçı dövlətlərində əhalinin sağlamlığı” strategiyasının həyata keçirilməsi üzrə növbəti Tədbirlər Planı təsdiq edilib
MDB-nin İqtisadi Şurası 2024-2025-ci illər üçün “MDB-nin iştirakçı dövlətlərində əhalinin sağlamlığı” strategiyasının həyata keçirilməsi üzrə növbəti Tədbirlər Planını təsdiq edib.
Birliyə üzv olan ölkələrin hökumət başçıları Şurasının 2016-cı il iyunun 7-də təsdiq etdiyi “MDB-nin iştirakçı dövlətlərində əhalinin sağlamlığı” strategiyası üzv dövlətlərin ictimai səhiyyənin təşkilinə kompleks yanaşmalarının işlənib hazırlanması üzrə səylərinin koordinasiyasını və tibb xidmətinin əlçatan olmasını və keyfiyyətini təmin etməkdir.
Bu barədə NUHÇIXAN MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir.
Strategiyanın qəbulu zərurəti Birlik ölkələrində qeyri-infeksion xəstəliklərin artması, ayrı-ayrı dövlətlərdə əhalinin, o cümlədən əməkqabiliyyətli gənclərin sayının azalması, habelə ölüm hallarının çoxalması və doğumların səviyyəsinin aşağı düşməsi ilə xarakterizə olunan demoqrafik vəziyyətlə əlaqədardır.
Alimlər sübut ediblər ki, qeyri-infeksion xəstəliklər gözlənilən uzunömürlülüyə və əhalinin arasında ölüm hallarının ümumi strukturuna ciddi təsir göstərir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il baş verən ölüm hallarının 30 faizi ürək-damar sistemi xəstəlikləri, bunların isə 42 faizi işemiya, 38 faizi insultla bağlıdır. Dünyanın bir çox ölkələrində olduğu kimi, MDB dövlətlərində də bu səbəblərdən ölüm halları artır.
Qeyri-infeksion xəstəliklərin yayılması dörd əsas risk faktorları ilə bağlıdır: tütün və spirtli içkilərdən istifadə, yetərli fiziki aktivliyin olmaması, qeyri-sağlam qidalanma, həmçinin bu cür xəstəliklərin diaqnostikası və müalicəsinin əlçatanlığının məhdudluğu.
Problemin qlobal xarakterini nəzərə alaraq və qeyri-infeksion xəstəliklərin səhiyyəyə gətirdiyi yükü azaltmaq məqsədilə növbəti Tədbirlər Planı işlənib hazırlanıb. Sənəddə əsas diqqət qeyri-infeksion xəstəliklərin profilaktikası, erkən diaqnostikası üzrə səylərin artırılmasına, onların yaranması riski ilə bağlı amillərin aşkar edilməsinə, sağlam həyat tərzinin formalaşmasına, Strategiyanın milli məqsədli indikatorlarının monitorinqinin təşkilinə yönəldilib.
Planın ehtiva etdiyi hər bir istiqamət müəyyən vəzifələr kompleksini əhatə edir. Onların arasında işəgötürənlərin əmək prosesində qeyri-infeksion xəstəliklərin profilaktikası proqramlarının reallaşdırılmasında marağının artırılması, qida məhsullarında transyağların əvəzlənməsi üzrə təbirlərin işlənib hazırlanması, duzun istifadəsinin azaldılması üzrə milli tədbirlər planının həyata keçirilməsi, həmçinin əhalinin ahıl hissəsinin fiziki cəhətdən aktiv həyat tərzinə həvəsləndirilməsi kimi məsələlər var.
MDB ölkələri həmin indikatorların həyata keçirilməsində ciddi inkişafa nail olmaq niyyətindədir. Belə ki, doğum anından gözlənilən uzunömürlülüyün artırılması, qeyri-infeksion xəstəliklərdən ölüm hallarının aşağı salınması, spirtli içkilər, tütün, duz və transyağların istifadəsinin azaldılması, piylənmə və diabetlə mübarizə bu qəbildən olan mühüm vəzifələrdir.