İcma sədri: "Ermənistanın Qərbi Azərbaycandakı soydaşlarımıza vurduğu mənəvi zərəri heç bir məbləğlə əvəz etmək olmaz"
"Ermənistanın Qərbi Azərbaycandakı soydaşlarımıza vurduğu mənəvi zərəri heç bir məbləğlə əvəz etmək olmaz".
NUHÇIXAN-ın xəbərinə görə, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə keçirilən "Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər" mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.
İcma sədri xatırladıb ki, 1930-1940-cı illərdə keçmiş SSRİ məkanında repressiya və deportasiyaya məruz qalan bütün şəxslər və bütün xalqlar Stalinin ölümündən sonra respublika Ali Məhkəmələrinin qərarları ilə bəraət alsalar da, təkcə 1948-1953-cü illər deportasiyasından zərər çəkən Qərbi azərbaycanlılara hüquqi müstəvidə bəraət verilmədi, deportasiya olunanların və onların varislərinin ata-baba yurdlarına qayıtmaq hüququ tanınmadı: "1987-1991-ci illərdə baş vermiş sonuncu deportasiya isə öz amansızlığı və qəddarlığı ilə əvvəlkilərdən bir o qədər də fərqlənmədi. Ermənilərə xas eyni vəhşi üsul və metodlarla soydaşlarımız sonuncu nəfərinə qədər Qərbi Azərbaycandakı ata-baba yurdlarından qovuldular. Bu prosesdə 200 nəfərdən çox soydaşımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi, 400-dən artıq insanımız bədən xəsarət aldı, 300-ə yaxın yaşayış məntəqəsindən azərbaycanlılar qovuldular və bu zaman onlara fərdi təsərrüfatlar üzrə 2,5 milyard, ictimai təsərrüfatlar üzrə 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vuruldu. Yeraltı və yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, yəqin ki, bu ziyan bir neçə dəfə artar. Mənəvi zərəri isə heç bir məbləğlə əvəz etmək olmaz".