Hindistan 400 ədəd özüyeriyən artilleriya qurğusu almağı planlaşdırır. Belə ki, həmin silahlar Ukrayna müharibəsində yüksək effektivlik göstərib.
NUHÇIXAN xəbər verir ki, Bloomberg agentliyi bu barədə Hindistan hökumətində olan mənbəyinə istinadla məlumat yayıb.
Məlumata görə, Hindistan Müdafiə Nazirliyi özüyeriyən artilleriya qurğularının Ukrayna müharibəsindəki rolu ilə bağlı tədqiqat aparıb və bu silahların döyüş zamanı böyük effektivliyə malik olduğu qənaətinə gəlib. Belə silahların üstün cəhətlərindən biri mövqeyini tez bir zamanda dəyişərək düşmənin cavab atəşindən yayına bilməsidir.
Hazırda Hindistan ordusunda 100 ədəd özüyeriyən artilleriya qurğusu mövcuddur və onların böyük hissəsi Çinlə mübahisəli ərazilər boyu yerləşdirilib. Dehli həmin silah növünün sayını artırmağı planlaşdırsa da, onların yerləşdiriləcəyi rayonlar barədə məlumat vermir. Yeni alınacaq 400 özüyeriyən qurğu ilə birlikdə, bu növ silahların ümumi miqdarı Hindistan ordusundakı artilleriya qurğularının altıdabirini təşkil edəcək.