“Qızıl həftə”də Çinin daxili turizm dövriyyəsi 100 milyard dolları ötüb

A- A A+

Çin Xalq Respublikasının yaranması günü və ənənəvi bayramlardan olan “Payızın ortası” (Ay festivalı) münasibətilə 8 günlük tətildə ölkənin turizm sektorunda maliyyə dövriyyəsi 753,4 milyard yuana (təxminən 103,2 milyard ABŞ dolları) çatıb.

NUHÇIXAN xəbər verir ki, Çinin Mədəniyyət və Turizm Nazirliyinin bayram tətilini əhatə edən “Qızıl həftə” ilə əlaqədar açıqladığı statistik məlumata əsasən, builki turizm dövriyyəsi ötən illə müqayisədə 130 faiz çox olub. Bu il hətta turizm dövriyyəsi pandemiyadan əvvəlki dövrü də (2019-cu il) 1,5 faiz qabaqlayıb.

Tətil günlərində ölkə daxilində 826 milyon səyahət qeydə alınıb. Bu, gündə 100 milyondan çox səyahət deməkdir. Bayram tətilindəki səyahətlərin sayı da 2019-cu ildəkindən bir qədər çox olub.

Ekspertlər hesab edirlər ki, “Qızıl həftə”nin nəticələri Çinin daxili turizm bazarının COVID-19 böhranının təsirlərindən tam çıxdığını deməyə əsas verir.

Onlayn səyahət platforması olan “Ctrip” xarici ölkələrə səyahətlərin ötən illə müqayisədə 20 dəfə çoxaldığını açıqlayıb. Çinli turistlərin ən çox səyahət etdikləri ölkələr Tailand, Cənubi Koreya və Malayziya olub.

Qeyd edək ki, Şərqi Asiya ölkələrinin ənənəvi ay təqvimi ilə 8-ci ayın 15-ci günü qeyd olunan Ay festivalı bu il sentyabrın 29-na təsadüf edib. Ay festivalı və Çin Xalq Respublikasının yaranması günü (1 oktyabr 1949-cu il) münasibətilə sentyabrın 29-dan oktyabrın 7-dək olan dövr qeyri–iş günləri olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: