Fransanı taxtabiti epidemiyası bürüyüb və onun əhalinin sağlamlığına vurduğu zərər 230 milyon avro məbləğində qiymətləndirilir.
NUHÇIXAN yerli KİV-ə istinadla xəbər verir ki, fransızların “taun” adlandırdıqları epidemiya iri şəhərlərin merlərini Emmanuel Makron hökumətinin üstünə qaldırıb.
Taxtabiti epidemiyası 2017-2022-ci illər arasında Fransa ailələrinin 11 faizinə təsir edib.
Bir sıra qeyri-rəsmi araşdırmalara görə, epidemiyadan ən çox zərər çəkən şəhərlər Marsel, Sen-Deni, Paris, Nitsa, Lion, Strasburq, Tuluza, Bordo, Montpelye və Nantdır.
Epidemiyadan ən çox zərər çəkən böyük sənaye sahələri, otel biznesi, turizm, nəqliyyat, əyləncə sektorudur. Mütəxəssislər səlahiyyətlilərin hərəkətə keçmədiyi təqdirdə qaçılmaz olan iqtisadi fəlakətdən qorxurlar. Bu vəziyyət amansız siyasi mübarizəni də qızışdırır. Parisdəki turist assosiasiyaları paytaxt meri Ann İdalqonu sərt tənqid ediblər: “Onun addımları problemi çətinləşdirdi. Taxtabiti epidemiyasından əvvəl biz hər yerdə görünən siçovulların vəbasından əziyyət çəkirdik”.
Öz növbəsində, paytaxt meri Emmanuel Makron hökumətini “hərəkətsizlikdə” ittiham edib.
İctimai nəqliyyatda taxtabitilərin olması barədə məlumat alındıqdan sonra səlahiyyətlilər qatarları və metroları yoxlamağa başlamaq üçün bir neçə iyləyici itlər qrupunu cəlb etmək qərarına gəliblər. Fransanın bütün ictimai nəqliyyat operatorları ümumi sanitariya prosedurlarının və xüsusilə də taxtabitilərə qarşı mübarizənin, onların aşkar edilməsinin ən effektiv vasitəsi olan itlərin köməyindən istifadə edəcəklər.
Bir sıra Avropa ölkələri Fransanı bürüyən taxtabiti epidemiyasından sonra həyəcan vəziyyətindədir. Mütəxəssislər bildirirlər ki, problem II Dünya müharibəsindən bəri Avropada görünməmiş səviyyəyə çatıb.
Son illərdə bu həşəratların yayılması bir neçə amilin birləşməsindən qaynaqlanır. Bunlara turizmin inkişafı və pandemiyanın bitməsindən sonra güclənən qloballaşma daxildir. Vəziyyət, həmçinin yay mövsümü boyu və hətta bu payızın əvvəlində yüksək temperaturla daha da pisləşir. Taxtabitilər yalnız 16 dərəcə Selsidən aşağı temperaturda letargik vəziyyətə düşür, isti havalar onların yaşaması üçün idealdır. Bundan əlavə, bu həşərat onları məhv etmək üçün istifadə olunan müxtəlif kimyəvi maddələrə qarşı müqavimət göstərir.