Ermənistanda naməlum şəxslər Rusiya sərhədçilərinə hədə-qorxu gəlib, erməni-rus dostluğu plakatını cırıblar
Ermənistan İstintaq Komitəsi naməlum şəxslərin Rusiya sərhədçilərinə hədə-qorxu gəlməsi, həmçinin Arazdəyəndə erməni-rus dostluğunu əks etdirən plakatı cırması ilə bağlı cinayət işi başlayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Sputnik Armenia” agentliyinə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.
Onun sözlərinə görə, sentyabrın 26-da saat 17.40-da naməlum şəxslər avtomobillə Rusiya Sərhəd Qoşunlarının müşahidə məntəqəsinə gələrək, növbətçilik xidməti aparan hərbçiləri hədələyib və oradakı plakata zədə yetiriblər.
Bundan başqa, oktyabrın 8-də saat 22.55-də naməlum şəxslər Arazdəyən kəndinin mərkəzində erməni və rus xalqlarının dostluğunun simvolu olan plakatı bıçaqla cırıblar.
Hər iki fakt üzrə Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.