“Titanik” gəmisindən tarixi əşyaların xilas edilməsi ilə məşğul olan ABŞ-ın “RMS Titanic” kompaniyası bundan sonra artefaktların çıxarılmasını dayandıracaq.
NUHÇIXAN “The Guardian” qəzetinə istinadla xəbər verir ki, kompaniya bunu dörd ay öncə sualtı ekspedisiyanın rəhbəri Pol-Anri Narjolenin ölümü ilə izah edib. Fransalı akvanaft “Titanik” gəmisinin batdığı yerə sərnişin endirən “Titan” batiskafının qəzaya uğraması nəticəsində həlak olub. Hadisə nəticəsində, həmçinin “OceanGate Expeditions” kompaniyasının rəhbəri Stokton Raş, britaniyalı milyarder Hemiş Hardinq, pakistanlı biznesmen Şahzadə Davud və onun oğlu Süleyman da ölüb.
“Pol-Anri Narjoleyə və digər dörd nəfərə, eləcə də onların ailələrinə hörmət əlaməti olaraq hazırda “Titanik” gəmisindən artefaktların çıxarılmasını və bərpasını məqsədəuyğun hesab etmirik”, - deyə kompaniyanın bəyanatında deyilir.
Pol-Anri Narjole ümumilikdə 37 dəfə “Titanik” gəmisinə enib və oradan çıxarılan 5 min artefaktın bərpasına rəhbərlik edib.