Guardian xəstəxanaya raket hücumu barədə: Dəlillər Qəzzadakı yaraqlıların əleyhinədir, ölü sayı şişirdilib
Oktyabrın 17-də, axşam, Qəzza zolağındakı Əl-Əhli xəstəxanasının atəşə tutulmasında münaqişə tərəfləri bir-birini ittiham etsə də, dəlillər daha çox fələstinli yaraqlıların əleyhinədir. Zərərçəkmişlərin sayı isə şişirdilib.
NUHÇIXAN xəbər verir ki, bu qənaətə “Guardian”ın analitik məqaləsində gəlinib.
Məqalədə xatırlanıb ki, Fələstin rəsmiləri 471 nəfərin ölməsi, 314 nəfərin yaralanmasına səbəb olan partlayışı İsrailin hava hücumu ilə əlaqələndirib. İsrail isə olayın Fələstin İslami Cihad qrupunun uğursuz raket atışı nəticəsində baş verdiyini bildirib. Açıq mənbələrdən olan video və xəbər yayımları əsasında aparılan kriminalistik ekspertiza hadisənin hansı şəraitdə baş verdiyinə dair təsəvvürlər yaradıb. Onlarda xəstəxananın yerli vaxtla saat 18:59-da vurulduğu, binanı bürüyən nəhəng narıncı şleyf əks olunub.
“Al Jazeera” telekanalının yayımından Qəzza üzərində atılmış raketin yüksəldiyi, daha sonra alovlanmağa başlandığı görünür. Bir müddət sonra xəstəxanada partlayış olur.
Partlayış haqqında ilk məlumatlar 19:00-19:20 arasında daxil olmağa başlayıb. Bu müddətdə HƏMAS-ın teleqram kanallarında İsrailə zərbə endirilməsinə dair məlumatlar dərc olunub. Belə ki, 19:00-da birində İsrailin Aşdod şəhərinə “raket hücumu” edildiyi bildirilib, digərində Təl-Əvivə hücum təsvir olunub.
20:14-də isə HƏMAS əlavə məlumat təqdim edərək R160 raketi vasitəsilə şimaldakı Hayfanı atəşə tutduğunu bəyan edib. Bunun ardınca Qəzzadakı rəsmilər mətbuata açıqlama verərək xəstəxanadakı partlayışda İsraili günahlandırıb və hadisəni “dəhşətli qətliam” adlandırıblar.
Partlayışın baş verdiyi dəqiq yeri zərbənin yaratdığı xəstəxana ərazisindəki kraterdən müəyyənləşdirmək mümkündür. Uzmanların fikrincə, sözügedən krater “yetərincə dərin deyil”.
Pentaqonun keçmiş müşaviri Mark Qarlasko “Guardian”a deyib ki, itkilərin sayı şişirdilib: “Say astronomik dərəcədə yüksəkdir, doğrudursa, bu bütün zamanların ən böyük diapazonudur”.