BMT: Müharibə və zorakılıq nəticəsində didərgin düşmüş insanların sayı 114 milyon nəfərə çatıb

A- A A+

BMT-nin Qaçqınlar üzrə Agentliyi (UNHCR) çərşənbə günü elan edib ki, sentyabrın sonunadək dünyada müharibə və zorakılıq nəticəsində didərgin düşmüş insanların təxmini sayı 114 milyon nəfərə çatıb.

NUHÇIXAN təşkilatın saytına istinadla xəbər verir ki, UNHCR-in hesabatında deyilir: “2023-cü ilin birinci yarısında məcburi köçkünlərin evlərini tərk etməsinin əsas amilləri bunlar idi: Ukraynadakı müharibə və Sudan, Konqo Demokratik Respublikası və Myanmadakı münaqişələr; Somalidə quraqlıq, daşqınlar; Əfqanıstanda uzun sürən humanitar böhran”.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi hazırda dünyanın diqqətinin Qəzzada baş verən “humanitar fəlakət” üzərində olduğunu qeyd edərək deyib: “Lakin qlobal miqyasda münaqişələr çoxalır və ya böyüyür, günahsız insanların həyatını məhv edir və insanları öz kökündən qoparır. Beynəlxalq cəmiyyətin münaqişələri həll edə və ya yenilərinin qarşısını ala bilməməsi kütləvi köç və bədbəxtliyə səbəb olur". O əlavə edib ki, münaqişələrə son qoymaq və qaçqınların və digər məcburi köçkünlərin evlərinə qayıtmasına və ya həyatlarına yenidən başlamasına imkan vermək üçün bütün dövlətlər səylərini birləşdirməlidir.

BMT-nin məlumatına görə, iyunun sonunadək dünyada 110 milyon insan məcburi köçkün vəziyyətinə düşüb ki, bu da 2022-ci ilin sonunda olduğundan 1,6 milyon nəfər çoxdur. Hesabatda qeyd olunub ki, qaçmağa məcbur olan insanların yarısından çoxu beynəlxalq sərhədi “heç vaxt keçməyib”. Yalnız iyun ayından sentyabrın sonuna qədər olan üç ay ərzində məcburi köçkünlərin sayı 4 milyon artaraq 114 milyon nəfərə çatıb.

Filippo Qrandi deyib: "Qəzza, Sudan və ondan kənarda baş verən hadisələri izlədikcə, qaçqınlar və digər köçkünlər üçün sülh və həll yolları perspektivi uzaqda görünə bilər. Lakin biz bundan imtina edə bilmərik. Tərəfdaşlarımızla qaçqınlar üçün həll yolları axtarmağa və tapmağa davam edəcəyik”.

Hesabatda deyilir ki, qaçqınların və beynəlxalq müdafiəyə ehtiyacı olan digər şəxslərin 75 faizi aşağı və orta gəlirli ölkələr tərəfindən qəbul edilib. İlk altı ayda qlobal miqyasda 1,6 milyon fərdi sığınacaq müraciəti edilib ki, bu da indiyədək qeydə alınan ən yüksək göstəricidir. Onların hamısı təhlükəsiz şəraitdə olmasa da, 404 mindən çox qaçqın geri qayıdıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Eyni dövrdə 2,7 milyon məcburi köçkün öz evlərinə qayıdıb və bu, 2022-ci ilin birinci yarısındakı geri qayıtma sayından iki dəfə çox idi. Köçürülən qaçqınların sayında da artım olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: