Ermənistan müdafiə nazirliyinin rəsmi sosial şəbəkə hesablarında, xüsusilə də “Telegram” kanalında erməni hökumətinin hərbi-texniki əməkdaşlıq sahəsində hansı ölkələrlə işləməyi ilə bağlı məlumat dərc olunub. Məlumatda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müşaviri Jirair Əmirxanyanın hərbi-texniki əməkdaşlıq baxımından Hindistan və Fransa ilə əlaqələrin daha perspektivli olması fikri əsas götürülüb. Onun sözlərinə görə, əsas məsələ təkcə silah almaq deyil, həm də kadrların hazırlanması və alınan silahların ümumi sistemə inteqrasiyasıdır.
Ermənistan ordusunun rəsmi nümayəndəsinin səsləndirdiyi bu fikirlər ekspert rəylərini təsdiqləyir desək yanılmarıq. Çünki, hərbi ekspert və siyasi şərhçilər Fransanın öz silahlarını Ermənistana satmaq adı altında Cənubi Qafqaza yerləşməyə cəhd göstərdiyini vurğulayırlar. Yəni bununla da Fransa yeni texniki vasitələrin erməni hərbçilərə öyrədilməsi və ya təlim adı altında həm hərbçilərini və həm də hərbi kontingentini Ermənistanda cəmləşdirə bilər. Bu prosesə Avropa İttifaqının digər ölkələrinin də qoşulması qaçılmaz görünür.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın “Avropa İttifaqının Ermənistandakı missiyası monitorinq adı altında Rusiyaya qarşı kəşfiyyat məlumatları toplayır” deməsi Ermənistan-Rusiya münasibətlərindəki çatdan xəbər verir. Göründüyü kimi Cənubi Qafqazdakı maraqlarını İrəvan üzərindən diktə etməyə çalışan Fransanın əsas hədəfi Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaqdır. Ekspertlərin gəldiyi qənaət həm də onu göstərir ki, Fransanın mövqeyi Rusiyaya qarşı böyük bir oyunun detalıdır. Rusiyalı hərbi ekspert İqor Korotçenko isə öz şərhində “Rusiya Fransanın Cənubi Qafqazda hərbi mövcudluğuna dözməyəcək” - deyib.
Prosesləri yaxından izləyən kütləvi informasiya vasitələrində son günlərdə “Ermənistanla Rusiya arasında qarşıdurma qaçılmazdır” başlığı ilə yazılar dərc edilir. Əlbəttə ki, son zamanlar Ermənistanın Baş nazirinin Rusiyaya qarşı “cəsarətli” çıxışlarının ardında Qərbin, xüsusilə də Fransanın dayandığı hiss olunur.
Deməli, Makronun Ermənistana hərbi yardımı Cənubi Qafqazda gərginlik riskini artırmaqla yanaşı, Azərbaycanın sülh təşəbbüsünə də bir başa təhdid yaradır. Gözünü revanş hissi bürümüş məğlub ermənilər hələ də dərk etmirlər ki, sülhü istəməyən Fransa, məhz elə bacısı Ermənistanı da xoşbəxt görmək istəmir. Çünki, Rusiyanın forpostu hesab edilən Ermənistanın Qərbpərəst addımları, Fransanın hərbi-texniki dəstəyi Putin hakimiyyətini hiddətləndirir. Eyni zamanda bütün dünya, xüsusilə də Makron kimi erməni lobisinin kölələri yaxşı bilirlər ki, Ermənistan hərbçilərini Azərbaycan əsgərinin əlindən heç bir ölkənin, hətta Fransanın müasir silah sistemləri belə xilas edə bilməz.
Nəriman Nəcəfov