Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) “Yer kürəsi çempionları” mükafatının 2023-cü il üçün qaliblərinin adlarını elan edib. Şəhər meri, qeyri-kommersiya fondu, hökumət təşəbbüsü, sosial müəssisə və tədqiqat şurasının da daxil olduğu qaliblərin hamısı plastik kütlələrlə çirkləndirməyə qarşı mübarizəyə istiqamətlənən qabaqcıl həllər və dəyişiklərə görə mükafatlandırılıblar.
Təsis olunduğu 2005-ci ildən bəri “Yer kürəsinin çempionları” illik mükafatına bəşəriyyət və planet uğrunda mübarizədə ön yerdə olan şəxslər layiq görülür. Bu, BMT-nin ali ekologiya mükafatıdır. Bu ilin beş qalibi ilə yanaşı, 116 laureat da – 27 dünya lideri, 70 nəfər ayrı-ayrı şəxslər və 19 təşkilat bu mükafatla təltif olunublar. UNEP-ə bu dəfə rekord sayda – 2500 nominasiya daxil olub. Nominasiyaların sayı üçüncü ildir ki, rekord göstəriciyə çatır.
NUHÇIXAN bu barədə BMT-nin saytına istinadla xəbər verir.
“Plastik kütlələrlə çirkləndirmə planet səviyyəsində dərin təşviş doğuran üçqat böhranın tərkib hissəsidir. Sağlamlığımızdan ötrü biz plastik kütlələrlə çirkləndirməyə son qoymalıyıq”, - deyə UNEP-in icraçı direktoru İnqer Andersen bildirib.
Onun sözlərinə görə, buna görə plastik məmulatların istehsal həcmini azaltmaq lazımdır. Eləcə də təkrar istifadə sisteminə keçmək vacibdir. O xatırladıb ki, plastik kütlələrlə çirkləndirməyə qarşı mübarizə üzrə beynəlxalq hüquqi qüvvəyə malik sənəd haqqında danışıqlar davam edir. “Bu ilin “Yer kürəsi çempionları” mükafatı qabaqcıl həllərə mövcud əlçatanlığı nümayiş etdirir”, - deyə Andersen əlavə edib.