Pakistanın hakimiyyət orqanları Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyaləti ilə sərhəddəki “Torkham” nəzarət-buraxılış məntəqəsi vasitəsilə 7,3 min əfqanı, o cümlədən xırda cinayətlər törətdiyinə görə həbs olunan dustaqları deportasiya edib.
NUHÇIXAN “Dawn” qəzetinə istinadla xəbər verir ki, bu barədə Pakistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Həbsdən azad edilənlər xırda cinayətlər törədənlərdir və onlar Əfqanıstana qayıdandan sonra cəzalarının qalan hissəsini çəkməyəcəklər”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Pakistan hakimiyyətinin əksəriyyəti əfqanıstanlı olan qanunsuz mühacirlərin ölkəni tərk etmələri üçün verilmiş son müddət oktyabrın 31-də bitib. Ümumilikdə Pakistanda 400 mindən çox qanunsuz mühacir müəyyən edilib. Onlar müvəqqəti saxlanılma mərkəzlərinə gətirilir və sonra ölkədən çıxarılır. İndiyədək 140 min qanunsuz mühacirin Pakistanı könüllü şəkildə tərk etdiyi bildirilir.
Hakimiyyət orqanlarının məlumatına görə, son 40 ildə Əfqanıstandan Pakistana 4 milyondan çox qaçqın gəlib ki, onların da 1,7 milyonunun ölkədə yaşamaq üçün sənədi yoxdur.