Rusiyanın dövlət başçısı Vladimir Putin yeni prezidentlik müddəti üçün namizədliyinin irəli sürülməsi barədə hələlik heç bir bəyanat verməyib.
NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə Vladimir Putinin guya 2024-cü il seçkilərində iştirakı barədə qərar qəbul etməsi ilə bağlı Reuters agentliyində dərc olunan məqaləni şərh edərkən deyib.
“Dövlət başçısı bu məsələ ilə bağlı hər hansı bir açıqlama verməyib. Seçki kompaniyası da hələ rəsmən elan edilməyib”, - deyə Kremlin nümayəndəsi bildirib.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək. Bu ilin dekabr ayında Federasiya Şurasının seçkilərin tarixi ilə bağlı rəsmi qərarından sonra siyasi partiyalar seçkiqabağı qurultaylar keçirməli və namizədlərini rəsmən irəli sürməlidirlər.