ABŞ və Böyük Britaniya HƏMAS-a qarşı yeni sanksiyalar tətbiq edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) HƏMAS-ın İsrailə qarşı 7 oktyabr terror hücumlarından sonra onunla əlaqəsi olan fiziki və hüquqi şəxslərə qarşı növbəti sanksiyaları tətbiq edib. Bu, HAMAS-ın əsas rəsmilərini və İranın HƏMAS və Fələstin İslami Cihadına (PIJ) dəstək verdiyi mexanizmləri hədəf alır", - qeyd olunub.
Məlumatda bildirilib ki, bugünkü sanksiyalar Böyük Britaniya ilə koordinasiyalı şəkildə tətbiq olunur və "beynəlxalq maliyyə sistemini HƏMAS və onlara kömək edənlər tərəfindən sui-istifadədən qorumaq məqsədi daşıyır".
Eyni zamanda ABŞ Dövlət Departamenti PIJ-nin hərbi qanadının liderinə sanksiya tətbiq edib.
Sanksiya tətbiq olunan şəxslər arasında HƏMAS-ın həmtəsisçisi Mahmud Xalid Zahhar, PIJ-nin İrandakı nümayəndəsi Nasser Əbu Şarif, Dəməşqdə yerləşən PIJ baş katibinin müavini və PIJ-nin silahlı qanadı olan Əl-Qüds Briqadalarının lideri Əkrəm əl-Ajourinin adları var.