Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüklə bağlı ərizəsini yaxın həftələrdə ratifikasiya edəcəyi gözlənilir.
NUHÇIXAN xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström NATO ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasına gələrkən deyib.
“Biz İsveçin NATO-ya üzvlüklə bağlı ərizəsinin ratifikasiyasını gözləyirik. Dünən Türkiyənin xarici işlər naziri Hakan Fidan ikitərəfli görüşdə bunun yaxın həftələrdə baş tutacağını bildirib”, - deyə Tobias Billström qeyd edib.
Onun sözlərinə görə, Türkiyə İsveçin alyansa üzvlüyü barədə protokolu təsdiqləmək üçün Stokholma qarşı heç bir yeni tələb irəli sürməyib. “Hazırda sənədin ratifikasiyası Türkiyə və Macarıstan parlamentlərindən asılıdır”, - deyə İsveçin xarici işlər naziri əlavə edib.
Xatırladaq ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu yalnız Macarıstan və Türkiyə parlamentləri ratifikasiya etməyib. Türkiyə bunun üçün Stokholmdan terrorla mübarizə barədə yenilənmiş qanunun praktikada tətbiqini tələb edir.