“Uoll-strit canavarı” (The Wolf of Wall Street) filmində Leonardo Di Kaprionun sürdüyü 1989-cu il istehsalı olan “Lamborghini Countach” avtomobili Nyu-Yorkun Sotheby's satış evində keçirilən hərracda 1,655 milyon dollara alıcısını tapıb.
NUHÇIXAN xəbər verir ki, bu, həmin model avtomobil üçün rekord qiymətdir. Əvvəlki rekord 880 min dollar olub.
Martin Skorsesenin filmində iki eyni avtomobildən istifadə edilib. Onlardan biri ssenariyə uyğun qəza səhnəsində zədələnib. Həmin avtomobil ilin əvvəlində hərraca çıxarılsa da, satılmayıb.
Sotheby's satış evi hərracda ümumilikdə 13,61 milyon dollar dəyərində avtomobillər satıb. Ən bahalı lot 2,4 milyon dollara satılan 1953-cü ilin “Fiat 8V Supersonic” avtomobili olub. Dünyada həmin modeldən cəmi 14 avtomobil istehsal edilib. Satılan avtomobilin cəmi dörd sahibi olub və o, az istifadə edilən modeldir.
Bundan əlavə, mütəxəssislər tərəfindən bu yaxınlarda bərpa edilən 1954-cü il istehsalı “Aston Martin DB2/4” 1,1 milyon dollara satın alınıb.