Ukrayna Prezidenti Volodimir Zelenski Avropanı Kiyevin Aİ-yə üzvlüyü ilə bağlı vədini yerinə yetirməyə çağırıb.
NUHÇIXAN UNIAN-a istinadən xəbər verir ki, o, bu barədə Aİ liderlərinin Brüsseldə keçirilən sammitinə videomüraciətində deyib.
O bildirib ki, Avropanın bu qərarı qəbul etməsi çox vacibdir: “Qətiyyətsiz olmaq olmaz. Kimsə Avropanın etibarsız görünməsini istəmir. Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq barədə qərar qəbul oluna bilər”.
V. Zelenski vurğulayıb ki, Kiyev üzvlük danışıqlarının başlaması üçün Aİ-nin tələblərini yerinə yetirib.
Ukrayna lideri Avropanı vədini yerinə yetirməyə çağırıb: “Mən xahiş edirəm ki, xalqın Avropaya olan inamını itirməyin”.
Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba dekabrın 12-də bildirmişdi ki, üzvlüklə bağlı danışıqlara başlamaq barədə Macarıstandan ilk müsbət siqnal alınıb. D.Kuleba həmçinin Aİ-nin üzvlüklə bağlı mənfi qərarının dağıdıcı olması ilə xəbərdarlıq etmişdi. Bu ilin noyabr ayında Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına üzvlük yolunda irəliləyiş əldə etməsinə dair hesabat yayıb. Sənəddə Kiyevlə üzvlüklə bağlı danışıqlara başlamaq tövsiyəsi yer alıb.
Xatırladaq ki, Macarıstan Baş naziri Viktor Orban daha əvvəl bildirmişdi ki, Aİ danışıqlara başlamaq barədə qərar qəbul etsə, dəhşətli səhvə yol verəcək.