Qırğızıstan və Tacikistan nümayəndələri arasında keçirilən növbəti görüşdə dövlət sərhədinin daha 47 kilometrlik hissəsinin müəyyənləşməsi barədə razılıq əldə olunub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“2023-cü il dekabrın 8-dən 14-dək Qırğızıstanın Batken şəhərində hər iki ölkənin nümayəndə heyətlərinin hüquqi məsələlər üzrə topoqrafik işçi qruplarının növbəti iclası baş tutub. Tərəflər Qırğızıstan və Tacikistan dövlət sərhədinin 47,05 kilometrlik hissəsinin delimitasiyası və demarkasiyası üzrə razılığa gəliblər”, - deyə məlumatda qeyd olunur.
Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev iki ölkə arasında sərhəd xəttinin təxminən 90 faizi üzrə razılıq əldə olunduğunu bildirib. Prezidenti Sadır Japarov isə sərhədin delimitasiyası və demarkasiyası prosesinin gələn ilin yazına qədər başa çatacağına ümidini ifadə edib.
Hazırda Qırğızıstanın Tacikistan istisna olmaqla, bütün qonşu ölkələrlə - Çin, Qazaxıstan və Özbəkistanla dövlət sərhədinin delimitasiya və demarkasiya prosesi başa çatıb.
Qırğızıstan-Tacikistan arasında dövlət sərhədinin uzunluğu təqribən 980 kilometrdir. İki ölkə arasında sərhədlərin delimitasiyası üzrə danışıqlar 2002-ci ilin dekabrından bəri davam edir. Vaxtilə sərhəd mübahisələri yerlərdə qarşıdurmalara, hətta silahlı toqquşmalara gətirib çıxarıb. Bu münaqişələr hər iki tərəfdən yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olub.