Avropa Komissiyası “X” sosial şəbəkəsinə (keçmiş Twitter) qarşı qeyri-leqal məzmunun silinməsi, şəffaflıq və dezinformasiya ilə mübarizə üzrə Avropa normalarının pozulması ittihamı ilə bağlı rəsmi araşdırmaya başlayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə qurumun daxili bazar məsələləri üzrə komissarı Tyerri Breton “X” sosial şəbəkəsində məlumat verib.
Breton yazıb: “Bu gün biz “X” şəbəkəsi əleyhinə pozuntuların aradan qaldırılması üzrə rəsmi prosedurları işə salmışıq. Şübhə yaradan məsələlər qeyri-leqal məzmunun və dezinformasiyanın silinməsi, şəffaflıqla bağlı öhdəliklərin pozulması, istifadəçilərdə çaşqınlıq yaradan istifadəçi interfeysinin işlənib hazırlanması ilə əlaqədardır”.
Bu, xüsusi olaraq messencerlərin və sosial şəbəkələrin məzmununu tənzimləyən Avropa Rəqəmsal Xidmətlər Aktı çərçivəsində həyata keçirilən ilk araşdırmadır. Aktın normalarına əsasən, “X” sosial şəbəkəsi ümumi mənfəətinin 6 faizi məbləğində cərimələnə bilər. Platforma Avropa Komissiyasının tələblərini yerinə yetirməkdən imtina edərsə, onun Avropa İttifaqı (Aİ) ölkələrində bloklanması qaçılmaz olacaq.