Kreml “Wall Street Journal”ın "Vaqner" özəl hərbi şirkətinin rəhbəri olmuş, biznesmen Yevgeni Priqojinin ölümü ilə bağlı araşdırmasına münasibət bildirib.
NUHÇIXAN xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov nəşrin araşdırmasını "bulvar söz-söhbətləri" adlandırıb.
"Son vaxtlar, təəssüf ki, “Wall Street Journal” pulp-fiction (bulvar söz-söhbətləri-red) ilə məşğul olmağı sevir", - Putinin sözçüsü vurğulayıb.
O, Kremlin bu materialı gördüyünü, lakin bu barədə şərh vermək istəmədiyini qeyd edib.
Qeyd edək ki, ABŞ-nin “The Wall Street Journal” qəzeti Yevgeni Priqojinin ölümü ilə bağlı araşdırma aparıb. Nəşrin araşdırmasında bildirilib ki, “Priqojinin təyyarəsi hava gəmisinin qanadının altına qoyulmuş qurğunun partlaması nəticəsində qəzaya uğrayıb”: “Priqojinin qətli iki ay ərzində hazırlanıb. Qərb kəşfiyyat xidmətlərinin nümayəndələri və keçmiş Rusiya kəşfiyyatçısı əməliyyatın hazırlanmasında əsas rolu Nikolay Patruşevin oynadığını bildiriblər.
Patruşev Priqojinin sürətli yüksəlişindən çox narahat olub. Putinə paralel orduya sahib olmağın səhv olduğunu bildirilib”.
Araşdırmada qeyd olunub ki, “Patruşev 2022-ci ilin yayında Priqojinlə bağlı Putinə xəbərdarlıq etməyə başlayıb, lakin nəticəsi olmayıb. “Priqojin Putinə zəng edib, kobud danışdığı və bunun Patruşev və digər rəsmi şəxslər tərəfindən eşidildiyi bildirilib. Nəticədə Patruşev Putini Priqojinin zənglərinə cavab verməməyə inandıra bilib. 2023-cü ilin yayında “Vaqner”in ləğv olunduğu məlum olub. Priqojinin üsyanı zamanı Patruşev nəzarəti ələ keçirib", - nəşrin araşdırmasında qeyd olunub.