Yaponiya hökuməti Birləşmiş Ştatları uçuş məsafəsi 100 kilometrdən çox olan “Patriot PAC-2” raketdən müdafiə sistemləri ilə təmin etmək niyyətindədir.
NUHÇIXAN xəbər verir ki, “Sankei” qəzeti bu barədə öz mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, ABŞ-yə daha qısa mənzilli, lakin ballistik raketləri vurmağa qadir olan yeni “Patriot PAC-3” sistemlərinin də tədarükü istisna edilmir.
Birləşmiş Ştatlara göndərilən “Patriot” raketlərinin miqdarı məsələsi Yaponiyada ümumi sursat çatışmazlığı nəzərə alınmaqla həll olunacaq. Yaponiyanın Müdafiə Nazirliyi 2022-ci ilin oktyabrında müəyyən edib ki, bütün ölkənin ballistik raketlərindən müdafiəsini təşkil etmək üçün lazım olan müdafiə sistemlərinin yalnız 60 faizinə malikdir.
Ekspertlərin fikrincə, “Patriot” sistemlərinin ABŞ-yə tədarükü Tokionun uzunmüddətli döyüş əməliyyatları aparmaq qabiliyyətini daha da zəiflədəcək.
Dekabrın 22-də Yaponiya hökuməti silah ixracı qaydalarını sadələşdirərək, ABŞ-yə “Patriot” raketlərinin və Böyük Britaniyaya 155 millimetrlik haubitsa mərmilərinin tədarükünə icazə verib. Həmin silahlar müvafiq olaraq Amerika və Böyük Britaniya lisenziyaları əsasında Yaponiyada istehsal olunur. Qaydalardakı dəyişiklik hərbi münaqişələrdə iştirak edən üçüncü ölkələrə silah ixracına qadağa qoyur. Bununla yanaşı, Yaponiyadan silah tədarükü Vaşinqton və Londona Ukraynaya aktiv hərbi yardım nəticəsində azalan ehtiyatların yerini doldurmağa imkan verəcək.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə xəbərdarlıq edib ki, Yaponiyanın “Patriot” raketlərinin Ukraynanın əlinə keçməsi Moskva tərəfindən düşmənçilik hərəkəti kimi qiymətləndiriləcək.