İraq Baş naziri: "Ölkədə xarici hərbçilərin mövcudluğuna son qoymaq üçün konkret tədbirlər görəcəyik"
ABŞ-nin başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinin İraqda olmasının əsaslandırılması müddəti başa çatıb və rəsmi Bağdad ölkədə xarici hərbçilərin mövcudluğuna son qoymaq üçün konkret tədbirlər görəcək.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə İraqın Baş naziri Məhəmməd əl-Sudani “Al Sumaria”ya açıqlamasında bildirib.
“Hökumət beynəlxalq koalisiyanın ölkədə mövcudluğunun əsaslandırılması müddətinin başa çatmasından sonra onun fəaliyyətinin sonlandırılması ilə bağlı qəti mövqeyini təsdiqləyir”, - əl-Sudani deyib.
İraqın Baş naziri qeyd edib ki, hazırda hökumət ölkədə koalisiya qüvvələrinin mövcudluğuna son qoymaq məqsədilə tədbirlər hazırlamaq üçün yaradılmış ikitərəfli komitə çərçivəsində danışıqların başlanması tarixini müəyyənləşdirir.
Əl-Sudani koalisiya qüvvələrinin dövlətə tabe olan və İraq ordusunun tərkib hissəsi olan “Əl-Həşd əş-Şaabi” silahlılarının mövqelərinə son hücumlarını pisləyib.
Yanvarın 4-də “Hizbullah ən-Nucaba” hərəkatının komandirlərindən biri olan Əbu Təqva ABŞ-ın pilotsuz uçuş aparatının Bağdadda endirdiyi zərbə nəticəsində öldürülüb, ən azı 6 nəfər yaralanıb. Əbu Təqva hərəkatın 12-ci briqadasına rəhbərlik edib və eyni zamanda “Əl-Həşd əş-Şaabi” silahlılarının tərəfdarı olub. Dekabrın 26-da ABŞ Mərkəzi Komandanlığı İraq və Suriyadakı koalisiya qüvvələrinə qarşı hücumlara cavab olaraq “Kətaib Hizbullah” qruplaşmasının İraq ərazisindəki hədəflərinə zərbələr endirdiyini açıqlayıb. Bundan sonra İraq hökuməti ABŞ-ın ölkədəki hədəflərə endirdiyi zərbələri suverenliyini pozan düşmənçilik aktı kimi qiymətləndirib.