Ermənistanın xarici siyasət idarəsindən son günlərdə yayılan xaotik bəyanatlar göstərir ki, bu ölkənin xarici siyasət konsepsiyası yoxdur. Rəsmi Yerevanın Rusiya və Qərblə münasibətlərini yeni müstəviyə daşımaq üzrə uğursuz cəhdləri bir çox hallarda diplomatik qalmaqalla nəticələnir.
NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, belə qalmaqallardan biri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son bəyanatı ilə əlaqədardır. Belə ki, rusiyalı nazirin “Komsomolskaya Pravda” radiosuna müsahibəsindəki “Amerikan biolaboratoriyalarında əcnəbi hərbçilərin olmaması barədə sənəd üzərində Ermənistanla apardığımız iş başa çatır” cümləsində dəyişiklik edən erməni müxalifəti bunu “Ermənistandakı amerikan biolaboratoriyalarında əcnəbi hərbçilərin olmaması barədə sənəd üzərində apardığımız iş başa çatır” kimi təqdim edərək Paşinyana qarşı fəal kampaniyaya başlayıb. Bunun nəticəsində həm Rusiya, həm də ABŞ Yerevanın anlaşılmaz mövqeyindən narazı qalıb. “Sasna tsrer” partiyası isə yeni hökuməti ölkənin olmayan müstəqilliyini satmaqda, Ermənistanı Rusiyanın müstəmləkəsinə çevirməkdə ittiham edib. Vəziyyətin gərginləşdiyini görən Ermənistan XİN ölkənin ərazisində heç bir xarici dövlətin hərbi hissələrinin yerləşdirilməyəcəyi barədə bəyanatla çıxış etməyə məcbur olub. (Əlbəttə, 102 nömrəli rus hərbi bazası istisna olmaqla-AZƏRTAC).
Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan qərbyönlü siyasi analitiklərin də ölkənin Rusiyanın müstəmləkəsi altında olması barədə ittihamlarına cavab verməli olub. Paradoksal olan bu cavabda deyilir: “Ermənistan-Rusiya münasibətləri suveren bərabərhüquqluluq prinsipləri üzərində qurulub və bu əsaslarda da davam edəcək”. Ekspertlər isə Ermənistan rəsmisinin bu bəyanatını gülünc hesab edirlər: məlum olduğu kimi, suveren dövlətlərin sərhədlərini əcnəbi əsgərlər qorumur.
Həmin Naqdalyan dekabrın 20-də bəyan edib ki, Belarusun Azərbaycana satdığı silahlar kimlər üçünsə biznes ola bilər, amma erməni xalqı üçün öldürücü vasitədir. Onun sözlərinə görə, bu, regionda sabitliyə təhlükə törədir. Daha bir paradoks: uzun illər boyu Rusiyadan milyardlarla dollar dəyərində silah alan və qonşu ölkənin ərazilərinin 20 faizini işğal etmiş Yerevanın bu bəyanatı verməyə mənəvi və hüquqi haqqı varmı?
Ermənistan xarici siyasətindəki “Qordiyev düyünü” Yerevanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təklənməsi ilə daha mürəkkəb hala gəlib. Təşkilata üzv dövlətlərin hamısının yekdilliklə Belarusun namizədini KTMT sədrliyinə təyin olunmasını dəstəkləməsi Paşinyanın təcrid olunması ilə nəticələnib. Ermənistan XİN-in mətbuat katibinin bugünkü bəyanatında isə bu məsələnin hələ tam həllini tapmadığı və rəsmi Yerevanın Minskin namizədinə münasibətdə bitərəf mövqe tutduğu qeyd olunur.