Cənubi Koreya Milli Kəşfiyyat Xidməti Pxenyanın silah alqı-satqısını dəfələrlə təkzib etməsinə baxmayaraq, HƏMAS-ın Şimali Koreya istehsalı silahlardan istifadə etdiyinə dair şübhələri təsdiqləyib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Şimali Koreyanın raket hissəsinin yeni fotosunu yayımlayan Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti "Amerikanın Səsi"nin (VoA) HƏMAS-ın Şimali Koreyada istehsal olunan F-7 reaktiv yaylım atəşi sistemindən istifadə etdiyi barədə xəbəri təsdiqləyib.
Kəşfiyyat Xidməti Şimali Koreya istehsalı olan F-7-nin hissələrinin fotosunu təqdim edib.
Kəşfiyyat Xidməti həmçinin bildirib ki, Şimali Koreyanın HƏMAS-a silah tədarükü ilə bağlı detalları - tədarükün həcmi və tarixləri ilə bağlı təfərrüatlı sübutlar toplayırlar. "İnformasiya mənbələrinin qorunması zərurəti və diplomatik əlaqələri nəzərə alaraq bu cür sübutları təqdim etmək hazırda çətindir”, - Milli Kəşfiyyat Xidməti bildirib.
Qeyd edək ki, Pxenyan HƏMAS-ın İsrailə qarşı hücumlarda Şimali Koreya silahlarından istifadə etməsi ilə bağlı fərziyyələri “əsassız” adlandırıb.