Dekabrın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Ankarada birgə mətbuat konfransı keçiriblər.
NUHÇIXAN xəbər verir ki, Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasından sonra mətbuat konfransı keçirən prezidentlər ikitərəfli münasibətlərin inkişafı, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar, regional proseslər, eləcə də Suriya böhranı barədə mövqelərini bölüşüblər.
Qonşu ölkəyə tətbiq olunan sanksiyalara qarşı olduğunu ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə daim İran xalqının yanındadır.
İran Prezidenti Həsən Ruhani isə deyib ki, iki ölkə arasındakı əməkdaşlıq sülh və sabitlik naminə bundan sonra da davam etdiriləcək.
Tərəflər iki ölkə arasında ticarət dövriyyəsinin həcmini ildə 30 milyard ABŞ dollarına yüksəltmək niyyətində olduqlarını bəyan ediblər.
Qeyd edək ki, 2017-ci ildə bu göstərici 11 milyard dollar olub. Çankaya köşkündə keçiriləcək Türkiyə-İran biznes forumunda ticarət dövriyyəsinin artırılması ilə bağlı mühüm qərarların qəbul olunması gözlənilir. Ehtimal olunur ki, biznes forumda qəbul ediləcək qərarlar bu sahənin inkişafına müsbət təsir göstərəcək.