Ermənistanın Mədəniyyət və Diaspor nazirliklərinin əməkdaşları baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın siyasətinə etiraz əlaməti olaraq tətil və hökumət binasının qarşısında etiraz mitinqi keçirirlər.
NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, dövlət qulluqçuları Paşinyanın elan etdiyi struktur islahatları və nazirliklərin aparatında aparılacaq ixtisarlara etiraz edirlər. Yeni hökumətin planına görə, hazırda fəaliyyət göstərən 17 nazirlikdən cəmi 12-si qalacaq. Paşinyanın bu addımı büdcədə olan kəsirlərlə bağlıdır. Diaspor Nazirliyinin əməkdaşlarının isə 90 faizinin işsiz qalacağı bildirilir.
Aksiya iştirakçılarının hökumətə yazılı müraciətində qeyd olunub ki, ölkədəki yüksək səviyyədə işsizlik şəraitində dövlət qulluqçularının küçəyə atılması sosial gərginliyi artıracaq və emiqrasiya prosesini gücləndirəcək.