Yaponiyanın Keyo Universitetinin alimləri hökumətə müraciət edərək, induksiya plüripotent və ya iPS hüceyrələrinin köməyi ilə müalicə üsulunun klinik sınaqlarının başlanmasına icazə verilməsini xahiş ediblər.
NUHÇIXAN NHK telekanalına istinadla xəbər verir ki, bu üsul onurğa beyni zədələnən xəstələrin müalicəsinə yardım edəcək. Hər il təqribən 5 min nəfər onurğa beyninin zədələnməsi nəticəsində hərəkət etmək qabiliyyətini itirir. Hazırda həmin halların müalicəsi üçün səmərəli üsul yoxdur.
Keyo Universitetinin professorları Hideyuki Okano və Masaya Nakamuranın rəhbərlik etdiyi qrup bütün dünyada ilk dəfə olaraq insanın iPS hüceyrələrindən alınan 2 milyon hüceyrənin onurğa beyni zədələnmiş xəstəyə köçürülməsi yolu ilə klinik sınaq keçirməyi planlaşdırır. Plüripotent hüceyrələr istənilən növ toxumaya çevrilmək qabiliyyətinə malikdirlər. Tədqiqatçılar həmin hüceyrələrin neyronlara çevrilməsi nəticəsində siqnalların beyindən sinir sonluqlarına ötürülməsini təmin edərək, xəstənin yan ətraflarını hərəkət etdirməsinə nail olmaq istəyirlər.
Hökumət bu planın təhlükəsizliyini və əsaslandırmasını qiymətləndirməlidir. Layihənin təsdiq ediləcəyi təqdirdə alimlər artıq gələn il köçürmə əməliyyatına başlamağı planlaşdırırlar.