Müşahidələr tarixi boyunca ən isti il olan və bir dəfəyə bir neçə iri hərbi münaqişənin başlandığı ötən il bəşəriyyəti “nüvə gecəyarısı” adlandırılan həddə yaxınlaşdırıb: “Qiyamət günü saatı” dünyanın sonuna 90 saniyə qaldığını göstərir.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, “Qiyamət günü saatı”nda vaxt təhlükəli xəttə hələ heç zaman bu qədər yaxın olmamışdı. 2024-cü ilin yanvarında saatın əqrəbləri rekord nişana çataraq, gecəyarısına 90 saniyə qalmışı göstərib. Halbuki bir neçə il bundan əvvəl saatlar 100 saniyəni müəyyən etmişdilər.
“Qiyamət günü saatı” ilk atom bombasının atılmasından bir az vaxt keçdikdən sonra, 1947-ci ildə Çikaqo Universitetinin “Nüvə alimlərinin bülleteni” jurnalının təqdim etdiyi layihədir. Əvvəlcə əsas diqqət nüvə silahı təhlükəsinə ayrılmışdı, lakin son onilliklər diqqət iqlim dəyişmələrinə də ayrılır.
Layihənin məqsədi “Qiyamət günü saatı”nın köməyi ilə bəşəriyyəti qarşılaşdığı və özünün yaratdığı mövcud təhdidlər barədə xəbərdar etməkdir. 2024-cü ildə tədqiqatçılar nüvə silahının tətbiqi, iqlim dəyişmələri, bioloji təhdidlər, süni intellekt və müharibələr kimi təhlükələri nəzərə alaraq dünyanın sonunadək olan vaxtı müəyyən ediblər.