Planetimizdə insan övladının törətdiyi problemlər həyat üçün təhdidlər yaradır. Bütün canlıların doğma evi olan planetimizdə yaşayış üçün təhdidlər yaradanlarla yanaşı, bu problemləri həll etmək əzmində olan humanist, vətənpərvər və kamil insanlar var. Amma gəl gör ki, problem yaradanlar onu həll etməyə çalışanlardan çoxdur və ədalətsizdir. Ona görədir ki, sadə insanlar yaşadığımız planetə ədalətsiz dünya deyir.
Dünyanın ədalətsizliyindən və özünü aparıcı güc hesab edən qüvvələrin riyakarlığından ən çox əziyyət çəkən də məhz ana vətənimiz Azərbaycan və onun sülhsevər, insanpərvər xalqı olub. Bədnam müqavilələrlə iki hissəyə bölünən, sonralar hissə-hissə parçalanan Azərbaycan, keçmiş SSRİ dağıldıqdan sonra təzəcə müstəqillik əldə etsə də doyunca və tam azadlığı dadmadan müharibəyə sürükləndi. Torpaqlarının 20 faizi 30 il erməni işğalı altında olanda, əhalisinin 1 milyonu məcburi köçkün həyatı yaşayanda ədalətli dünya harada idi?
30 illik işğal dövründə dünyanın ən nüfuzlu təşkilatı hesab edilən BMT-nin qətnamələrinə nə Ermənistan, nə də dünya birliyi məhəl qoymadı. Amma Azərbaycan xalqı öz liderinin rəhbərliyi ilə 44 gün ərzində Dəmir yumruq olub düşməni torpaqlarımızdan çıxardı, 23 saatlıq antiterror tədbirləri ilə suverenliyimizi bərpa etdi. Bütün dünya Azərbaycan xalqının bütövlüyünün, Azərbaycan Prezidentinin qətiyyətinin, Azərbaycan hərbçisinin peşəkarlığının və qəhrəmanlığının şahidi oldu.
“Yenilməz Ermənistan ordusu” mifini darmadağın edən, suveren ərazisində separatizmə son qoyan Azərbaycan həm regionda söz sahibidir, həm də beynəlxalq aləmdə böyük nüfuza malikdir. Bunu qəbul və həzm edə bilməyən qara qüvvələr Azərbaycana şər və böhtan atmağa çalışırlar. Bunun da ən yaxşı variantı müttəfiqlərinə xəyanət etməyi bacaran, həmişə havadar kölgəsində mövcudluğunu davam etdirməyə çalışan Ermənistanı dəstəkləməkdir.
Bu gün Ermənistan öz ərazisinə ABŞ, Avropa, xüsusilə Fransa və ümumilikdə isə Qərbi dəvət edir, Rusiyanın mövcudluğuna dözümsüzlük nümayiş etdirir. Digər tərəfdən isə gah Rusiyaya, gah İrana, gah Hindistana meyllənir. Amma ən çox da Qərbə doğru yuvarlanır. İndi Ermənistanda öz məğlub ordusundan başqa çoxmillətli silahlı dəstələr də mövcuddur. Öz suverenliyini qorumaqda aciz olan Ermənistanın havadarları yenə də kiçik bacılarına kömək əlini uzadırmış kimi özlərini göstərib onu müharibəyə sürükləyir, odun içinə atırlar. Hətta “Azərbaycan Ermənistanı işğal edəcək” kimi sərsəm bəyanatlarla dolu çıxışlar edilir, erməniyanalıq nümayiş edirilir. Azərbaycanın hər kəsin ərazi bütövlüyünə hörmətlə yanaşdığını dəfələrlə bəyan etməsinə baxmayaraq Qərbin pensiya yaşı çoxdan gəlib çatmış, ayaqda durmaqda çətinlik çəkən qoca və rüşvətxor diplomatlarının sərsəmləmələri sülh gündəliyinə kölgə salmaqdan başqa bir şey deyil.
İndiki Ermənistan ərazisi hesab edilən Qərbi Azərbaycan torpaqlarından zorla deportasiya edilmiş soydaşlarımızın öz doğma evlərinə qayıtması üçün Qərbin heç bir köməklik göstərmədiyi və ədalət nümayiş etdirmədiyi bir vaxtda həm də Azərbaycanı işğalçılıqda ittiham etməsi sadəcə gülünc doğurur. İşğaldan azad olunan ərazilərimizdə böyük quruculuq işləri aparılır, erməni vandalizminin nəticələri aradan qaldırılır, keçmiş köçkünlər öz doğma evlərinə qayıdır. Qərbin erməni diasporunun ianələri ilə özünə xoş güzəran quran “diplomatlar”ı bu mütərəqqi prosesə heç bir köməklik göstərmir, əksinə heç bir əsası olmayan ittihamlarla mənasız çıxışlar edirlər.
Görünən odur ki, bütün dünyada dost və qardaş ölkə imicini formalaşdıran, etibarlı tərəfdaş kimi özünü isbat edən Azərbaycanımızın qüdrəti 30 il susqunluq nümayiş etdirən qərblilərin qoca rəsmilərinin dilini də açıb. Bir sözlə Erməistanın havadarları nə qədər danışır danışsın, Azərbaycanın ədalət karvanı düz yoldadır…
Nəriman Nəcəfov