AMEA-nın Naxçıvan Bölməsində “Məhəmməd Əmin Rəsulzadə ictimai xadim və ədəbiyyatşünas kimi” mövzusunda elmi konfrans olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi qeyd edilib.
“Məhəmməd Əmin Rəsulzadə ictimai xadim və ədəbiyyatşünas kimi” mövzusunda keçirilən elmi konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərən Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi barədə ətraflı məlumat verib.
Akademik bildirib ki, Məhəmməd Əmin Rəsulzadənin zəngin qaynaqlar əsasında yazdığı “Azərbaycan șairi Nizami” adlı monoqrafiyası orta əsrlər ədəbiyyatımız haqqında sanballı tədqiqat işi olmaqla yanaşı, dünya Nizamişünaslığının da mühüm nailiyyətlərindəndir. İsmayıl Hacıyev Məhəmməd Əmin Rəsulzadənin “Qaranlıqda işıqlar”, “Nagəhan bəla” “Əsrimizin Siyavuşu” və digər bir sıra əsrələrini Azərbaycan ədəbiyyatının inciləri kimi dəyərləndirib. Prezident İlham Əliyevin görkəmli ictimai-siyasi xadimin 140 illik yubileyi münasibəti ilə imzaladığı sərəncamın tədqiqat sahəsində görüləcək işlərə böyük töhfə olacağını bildirib.
Konfransda “Məhəmməd Əmin Rəsulzadə və mətbuat”, “Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyəti”, “Məhəmməd Əmin Rəsulzadənin Əsrimizin Səyavuşu əsəri” barədə digər məruzələrlə çıxışlar dinlənilib.