Dövlət Bayrağı Muzeyində interaktiv dərs keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə həsr olunan interaktiv dərs təşkil olunub.
Dərsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli keçib. Diqqətə çatdırılıb ki, Naxçıvanın muxtariyyəti Moskva və Qars beynəlxalq müqavilələrinə əsaslanır. Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilib. 1926-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci, 1978-ci ildə üçüncü Konstitusiyası qəbul edilib.
Bildirilib ki, 1998-ci il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Azərbaycan Konstitusiyası əsasında hazırlanan yeni Konstitusiyası muxtar respublikanın Ali Məclisində qəbul edilib və həmin il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunub.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası Konstitusiyası ilə üzvi surətdə bağlı olan bu Konstitusiyası qəbul edilərkən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, qanuna əsaslanaraq Naxçıvan Muxtar Respublikasının əhalisinin layiqli həyat səviyyəsini təmin etmək, Naxçıvan Muxtar Respublikasında Konstitusiya çərçivəsində demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat vermək, qanunun aliliyini qorumaq kimi niyyətlər bəyan edilib. Bu Konstitusiyanın qəbulu siyasi-hüquqi əhəmiyyətinə görə nəinki muxtar respublikada, bütövlükdə, ölkəmizdə mühüm əlamətdar hadisəyə çevrilib, beynəlxalq təcrübədə nümunəvi model kimi dövlət idarəetməsinin təşkilinin mükəmməl hüquqi bazasını yaradıb.
Keçirilən dərsi 200-dən artıq ümumtəhsil məktəbinin şagirdi izləyib.
Cavid Səfərli