Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun alimləri - AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, professor Adil Əliyev, dosent Orxan Abbasov, yer elmləri üzrə fəlsəfə doktoru Tofiq Rəşidov və doktorant İlkin Kəngərlinin birgə tədqiqatları əsasında ərsəyə gəlmiş elmi nəticələr nüfuzlu “Springer” nəşriyyatına aid “Geoheritage” jurnalında çap olunub.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, beşillik impakt faktoru 3,3 olan jurnala təqdim olunmuş məqalə Azərbaycanda ən sıx paylanma nümayiş etdirən palçıq vulkanlarının geopark obyekti daxil olmaqla, həm də regionun gələcək geoturizminə töhfəsi baxımından potensialının qiymətləndirilməsinə həsr edilib. Bu baxımdan alimlərimizin araşdırmaları, əsasən ölkə sərhədləri daxilində palçıq vulkanlarının spesifik yayılma, təzahür və fəaliyyət xüsusiyyətlərinin, həmçinin təsnifatlarının tədqiqini özündə əks etdirir.
Əldə edilmiş zəngin materialların təhlilləri əsasında Azərbaycanın turizm potensialı daşıyan palçıq vulkanları geoirs statuslu obyektlər kimi təklif olunub.