Qanunvericilikdəki dəyişikliklərlə bağlı təlimlərə başlanılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında edilmiş bir sıra əlavə və dəyişikliklərin büdcə təşkilatlarında tətbiqinin təmini və məsələ ətrafında ətraflı izahın verilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində təlimlərə start verilib.
Yanvarın 7-dən 11-dək davam edəcək təlimlər 5 gün ərzində hər gün iki qrup şəklində təşkil olunur. Tədris planına əsasən təlimlər bütün nazirlik, komitə və təşkilatlarla birlikdə ümumilikdə 187 büdcə təşkilatından 252 maliyyə və mühasibatlıq işçisini əhatə edəcək.
Təlimdə Maliyyə Tədris Mərkəzinin direktoru iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova tərəfindən mövzu ilə bağlı ümumi məlumat verilərək əlavə və dəyişikliklərin əhəmiyyəti, məqsədi barədə danışılıb.
Vergi sahəsində edilən dəyişikliklərlə bağlı Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərovun və Sosial sığorta və İşsizlikdən sığorta sahəsində edilmiş dəyişikliklər barəsində Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Gəlirlər şöbəsinin müdiri Əli Həsənovun çıxışları dinlənilib və iştirakçılara geniş məlumatlar verilib.
Təlimin sonunda iştirakçılara Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun birgə təşəbbüsü ilə hazırlanmış əlavə və dəyişiklikləri özündə əks etdirən məlumat kitabçaları paylanılıb.