Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 3-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, sınaq imtahanında istifadə olunacaq testlər magistraturaya qəbul imtahanının birinci mərhələsi üzrə proqramlara tam uyğundur. Sınaq imtahanı qəbul imtahanı modeli əsasında təşkil olunacaq. Sınaq imtahanının məqsədi qapalı və açıq formalı test tapşırıqları vasitəsilə bakalavrların verbal və riyazi məntiqini, fəza təfəkkürünü, informatika və xarici dil üzrə bilik və bacarıqlarını, oxuyub-anlama və dinləyib-anlama vərdişlərini yoxlamaq, eləcə də onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini sınamaq üçün imkanın yaradılmasıdır.
Regionlarda yaşayan iştirakçıların rahatlığını təmin etmək üçün imtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə və Naxçıvan şəhərlərində də təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər yanvarın 14-ü saat 13:00-dan yanvarın 28-i saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçməlidirlər.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq. İmtahan binasına buraxılış saat 10:45-də başa çatacaq. Bu ildən imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış heç kim binaya buraxılmayacaq. İştirakçılar bunları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasına gəlməlidirlər.
İmtahanda iştirak etmək istəyən bakalavrlar DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar (ətraflı məlumat DİM-in internet saytının payment.dim.gov.az səhifəsində verilib).
Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahanın yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, xarici dil seçilir və “Qeydə al” düyməsi basılır. Bundan sonra “İmtahana buraxılış vərəqəsi”ni çap etmək olar.