11 ilə sığmayan məktəb həyatı son zəngin ümidindən asılıb - FOTOLAR
Bu uzun, keşməkeşli həyat yolunda mətin addımlarla yeridiyiniz, bəzən yıxılıb, bəzən büdrəyərək səndələdiyiniz, fəqət yenə də sağlam şəkildə ayaqda durduğunuz məktəbin son zəngini son dəfə çalmaq üçün sıraya durmusunuz. 11 il müddətində sizə özünüz qədər doğma olan şıltaqlıqlar, macəralar, verilən dərs və tapşırıqlar, göstərilən müəllim nəvazişi artıq parta arxasında qaldı. Bu gündən artıq siz müstəqil həyata mətin addımlarla irəliləyirsiz.
Bu gün son zəngdir! Sizin üçün nə qədər incə və qırılmaz duyğular kəsb etsə də, son zəng, bu səsi eşidən ilklər üçün bir o qədər həyəcanlı və sevinclidir. Çünki onlara qucaq açan, cığır açan, yol olan məhz həyatın özüdür. Məktəb də həyatın özü deyilmi? Elə bir həyat ki əvvəl sən zəng çalırsan, sonra zəng çalınır. Hər ikisindən qalan tək xatirə ağ fondakı qara şəkillərdir. Məktəbin rəngli albomlarında, həyatın yeganə toxuna bilmədiyi daşlaşan, heykəlləşən şəkillər! 11 ilə sığan şəkillər, xatirələr, sevinc və kədər dolu yaşamlar bu gün bir zəngin ümidindən asılıb. Bu 11 ilə nə sığmadı ki. Bütün həyatımız boyu qazanacağımız bütün nailiyyətlərin bütün yaşanmışları və bitmişi. Anayla başlayıb Vətənlə bitən, hərflərdən yaranan sözlər çoxluğu. Bu yolda hər daim onlardan sevgisini gizlətməyən, bələdçi və mayak rolunu oynayan, şübhəsiz ki, ən əsası müəllimlərdir. Elə ən çox kövrələndə müəllimlərdir. Dünən əllərində böyüyən bu balaca fidanlar bu .gün elm və bilik yoluna, müstəqil həyat yollarında mətin addımlarla addımlayır. Sağlam əqidə, aydın zehniyyətlə, vətənpərvər ruhda tərbiyə olunan bu gənclər gözlərində yaş, əl-ələ tutuşaraq bütün məktəb kollektivi qarşısında bu sözləri zümzümə edirlər: “Məktəb illəri, məktəb illəri... Ömrümün ən şirin, duyğulu, qayğısız günləri”.
Həyatımızın ən mənalı, ən şən, ən qayğısız və nəşəli günləri məktəblə bağlıdır. Məktəbdə yaşanan acılı, şirinli xatirələr yaddaşımıza hoparaq bizi ömürboyu lent yazısı kimi ağ-qara fonda izləyir. On bir il bir parta arxasında oturub ikinci evimiz sayılan məktəb bizə ilk parta yoldaşlarımızı, dəcəlliklərimizi, təmiz və saf sevgilərimizi ərməğan edir. Ah! necə gözəl mənzərədir! Dünənə kimi ovuc içi boyda əllərinə alıb, müəllimlərin şagirdlərini parta arxasına yerləşdirmək duyğusu... İndi isə onları bağrına basıb məktəbdən uğurlaması...
Xəyallarımızın başlanğıcı olan məktəb, həyatımızın enişli-yoxuşlu yollarında həmişə zirvədə olaraq bizi intizamlı, idarəçi, güclü, mübariz və prinsipial, vicdanlı vətəndaş olmağa səsləyir. Həyatımıza səs salan bu yol bizi daha yüksək səslərə getməyimizə yol açır. Məktəbdə yaşanan hər duyğu nöqtəsini qoya bilmədiyimiz fərqli sərgüzəştlər yaradır.
Hər yolun bir sonu olduğu kimi, məktəb həyatının da bir sonu başlayır. Bu yolun sonu sizi ya hərbi xidmətə, ya da hamınızın ən ümdə arzusu olan ali məktəblərə aparır. Hər şey eşitdiyiniz bir zənglə başlayır, son zəng! Bu gün çalınan o zəng sizi həyatınızda təmin olunduğunuz bütün maddi və mənəvi məsuliyyətdən azad edərək daha böyük məsuliyyətlərə yollayır. Son zəng sizi ən ülvi hisslərinizdən ayıraraq böyüməyə, inkişaf etməyə, həyatın məsuliyyət və qayğılarını öz çiyninizə götürmək üçün çalınır. Artıq nə 11 il əvvəl o ağuşda tutulan əllərin sahibi, nə o yollar var. Nə məktəb həyəti, nə intizarını gözünüzü yummadan səhərəcən gözlədiyiniz sinif yoldaşlarınız var. Nə o üstü cızılmış, bozarmış partalar, nə əli təbaşirli müəllimlərimizin səmimi çöhrəsi var. Artıq “Bənövşə, bəndə düşə, bizdən sizə kim düşə” sırğa olub qulaqlarınızdan, xəyal olub gözlərinizdən asılacaq. Artıq məktəb partalarının siz olan boş yerləri yeni birincilərini salamlayıb “xoş gəldin!” edəcək. Əminik ki, onbirincilərin həyatında iz qoyan bu sərgüzəştlər onlara daim işıq, sönməyən şam olacaq. Bu işıq onlara tükənməz arzular, xəyallar bəxş edəcək.
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru