NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Arzu Abdullayevin uzunmüddətli elmi tədqiqatlarının nəticəsi olaraq 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş
“Naxçıvan şəhəri: tarixi-siyasi və mədəni inkişafı XIX əsr” kitabı çap olunub. Çox aktual və əhəmiyyətli bir mövzuya həsr olunan kitabda Naxçıvan diyarı və onun tarixi, siyasi, mədəni və ictimai mərkəzi olan Naxçıvan şəhərindən söhbət açılır. Kitabda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan şəhərinin XIX əsr tarixi kompleks şəkildə araşdırılır. Naxçıvan şəhərinin Rusiya imperiyası tərəfindən işğalı, bölgənin inzibati-ərazi quruluşunda dəyişikliklər və idarəçilik sistemi, sosial-iqtisadi və mədəni həyatı, ermənilərin Naxçıvana köçürülməsi elmi dövriyyəyə yeni cəlb edilmiş sənəd və materiallar əsasında öyrənilir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan tarixinin digər istiqamətləri kimi şəhər tarixinin öyrənilməsi, tədqiqatçılar, alimlər, tələbə və magistrantlar üçün zəngin mənbə rolunu oynayır. Fənnin öyrənilməsinin aktuallığı kifayət qədər yüksək səviyyədə əsaslandırılmış, obyekt və predmeti, məqsəd və vəzifələri aydın və axıcı bir dillə izah edilmişdir.
Kitabda ön sözün müəllifi AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə, Elmi redaktoru Akademik Nərgiz Axundova, rəyçilər isə professorlar Oqtay Sultanov və Zeynal Həsənalıyevdir.