20 Yanvar faciəsi "Naxçıvan" Universitetində yad olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində “20 Yanvar faciəsi tariximizin şanlı səhifəsidir” mövzusunda keçirilən tədbirin iştirakçıları əvvəlcə universitetin tədris korpusunun foyesində 20 Yanvar hadisələrini əks etdirən fotolara, qəzet və jurnallara baxıblar.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Universitetin rektoru, professor İsmayıl Əliyev çıxış edərək bildirib ki, 1990-cı il yanvar ayının 20-si Azərbaycan xalqının tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsidir. Həmin gün ən müasir silahlarla silahlanmış sovet ordusunun birləşmələri Azərbaycanın paytaxtı Bakı şəhərinə girərək xalqın azadlıq mübarizəsinin qarşısını almaq üçün qanlı cinayət hadisəsi törətdi. Lakin xalq öz azadlıq mübarizəsindən geri dönmədi. Həmin vaxt xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Moskvadakı daimi nümayəndəliyinə gələrək faciəyə kəskin münasibətini bildirdi.

“Sovet imperiyasının bu qanlı aksiyanı törətməkdə məqsədi xalqımızın mübarizə əzmini qıraraq onun müstəqillik arzusunu boğmaq idi. Amma imperiya öz çirkin məqsədinə çata bilmədi”, – deyən rektor vurğulayıb ki, xalqımız daha da mübariz oldu və öz müstəqillik ideyalarını gerçəkləşdirdi.

Tədbirdə tələbələr şəhidlərə həsr olunmuş şeirlər söyləyib, 20 Yanvar faciəsi ilə bağlı slayd nümayiş etdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: