Naxçıvan Dövlət Universiteti ilə Hacettepe Universiteti arasında memorandum imzalanıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Türkiyənin nüfuzlu ali təhsil müəssisəsi olan Hacettepe Universitetində səfərdədir.

Əvvəlcə Hacettepe Universitetində rektor Mehmet Cahit Güran və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin iştirakı ilə görüş olub. Görüşdə Naxçıvan Dövlət Universitetində bakalavr təhsil səviyyəsində yeni açılan “Tibb bacısı işi” sahəsində akademik heyət və tələbə mübadiləsi, kadr təminatı sahəsində dəstəyin verilməsi, Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Tibb Kollecində yeni ixtisasların açılması və digər məsələlərə dair müzakirələr aparılıb.

Hacettepe Universitetinin rektoru, professor Mehmet Cahit Güran

Naxçıvanın coğrafi, siyasi və digər sahələrdə önəminə diqqət çəkərək, mövcud təcrübələrin dəyərləndirilməsi prosesində Hacettepe Universitetinə üstünlük verildiyi üçün minnətdarlığını ifadə edib. Rektor iki universitet arasında əməkdaşlığın önəmindən, gələcəkdə görüləcək işlərin əhəmiyyətindən söz açıb.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev birgə əməkdaşlığa görə təşəkkür edib. Rektor iki universitet arasındakı münasibətlərə toxunaraq, ali təhsil ocağının uğurlarından danışıb. Qeyd edilib ki, Naxçıvan Dövlət Universiteti qardaş Türkiyənin bir sıra nüfuzlu universitetləri ilə səmərəli və çoxşaxəli əməkdaşlığa malikdir.

Rektor diqqətə çatdırıb ki, NDU-da təhsil alan 2 min nəfərə yaxın əcnəbi tələbənin arasında Türkiyə vətəndaşları üstünlük təşkil edir. Bildirilib ki, peşəkar tibbi kadrların hazırlanmasında Türkiyə universitetlərinin çox böyük dəstəyi olub. Belə ki, hər il yüzlərlə tələbə Türkiyənin Ankara, Qazi, İstanbul Yeditəpə, Koceli, Ərzurum Atatürk və s. universitetlərinin xəstəxanalarında yerdəyişmə və təcrübə proqramlarında iştirak edir.

Görüşdə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan Dövlət Universitetinin yeni tikiləcək Tibb Kampusunun layihələndirilməsinə, struktur və inzibati məsələlərdə Hacettepe Universitetinin təcrübəsindən istifadə olunmasına, planlaşdırma, ehtiyacların müəyyənləşdirilməsi, tibbi xidmətin səmərəli və məqsədəuyğun şəkildə təşkilinə dair fikir mübadiləsi aparılıb.

Sonra Hacettepe Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumda elm və təhsilyönümlü əməkdaşlıq, akademik heyət və tələbə mübadiləsi, ikili diplom imkanlarını təmin edən proqramların hazırlanması, birgə tədqiqat işlərinin təşviqi, akademik tədqiqat məlumatlarının və texniki materialların mübadiləsi, nəşr və ya mədəni fəaliyyətlər sahəsində əməkdaşlıq, konfrans və simpoziumların keçirilməsi, ortaq akademik və elmi fəaliyyətlərin təşkili və digər məsələlər müəyyənləşdirilib.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı təhsil müşaviri Nəcibə Nəsibova görüşdə iştirak edib.

Sonda Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Hacettepe Universiteti ilə tanış olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: