Müsabiqənin test imtahanları mərhələsi başa çatıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan NUHÇIXAN-a verilən məlumata görə, 2019-cu il  yanvarın 7-dən 21-nə qədər Test mərkəzində dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 noyabr 2018-ci il tarixdə elan olunan müsabiqənin test  imtahanları keçirilib.

İmtahan başlanmazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib. İmtahanda namizədlərə qanunvericilik üzrə 40, informasiya texnologiyaları üzrə 15, dünyagörüşü üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilib. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb.  Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim edilib.

Test imtahanlarının nəticələri Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.

Test imtahanından müvəffəqiyyət qazanmış namizədlər imtahanın nəticələri elan edildiyi gündən  10 iş günü müddətində Komissiyanın internet portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qanunvericiliyə əsasən müsahibə mərhələsi sənəd qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçiriləcəkdir.

Qeyd edək ki, müsabiqəyə çıxarılan 305 vakant vəzifənin tutulması üçün 583 namizəd sənəd təqdim edib, onlardan 570-i test imtahanında iştirak edib. Test imtahanlarında 257 nəfər keçid balını toplayıb və müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (76 nəfər), Turizm Departamenti (69 nəfər), Mədəniyyət Nazirliyi (58 nəfər), Dövlət Statistika Komitəsi (57 nəfər), Təhsil Nazirliyi (53 nəfər) və Dövlət Sosial Müdafiə Fondu (46 nəfər) üstünlük təşkil edib.

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: